Ağıllı telefonlar gündəlik həyatın demək olar ki, bütün sahələrində istifadə edilmək üçün hazırlanıb. Buna görə də istehsalçılar daim yeni funksiyalar əlavə edərək bu cihazların istifadəsini daha rahat və cəlbedici etməyə çalışırlar.
Lakin bu, o demək deyil ki, ağıllı telefonlar zədələnməzdir. Onlardan düzgün istifadə edilmədikdə, bahalı cihazların ömrü xeyli qısala bilər. Xüsusilə yeni modellərin qiymətləri min dollardan yuxarı olduğu üçün telefona düzgün qulluq etmək çox vacibdir.
Aşağıda insanların tez-tez fərqinə varmadan telefonlarına zərər verdiyi beş əsas vərdiş sadalanır:
1. Keyfiyyətsiz şarj kabellərindən istifadə
Bir çox istifadəçi şarj cihazının baş hissəsinə diqqət yetirsə də, kabelin keyfiyyətini nəzərə almır.
Naməlum istehsalçılardan alınan ucuz və keyfiyyətsiz kabellər telefon batareyasının sıradan çıxmasına, hətta partlayışa səbəb ola bilər.
Məsləhət: “Anker”, “Ugreen” kimi tanınmış şirkətlərin sertifikatlı kabellərindən istifadə edin. Bu kabellər “Apple” və “Samsung” kimi markaların təsdiqini alır və telefonla tam uyğun işləyir.
2. Keyfiyyətli qoruyucu örtük və ya uzadılmış zəmanət almamaq
Telefonlar hər gün zərbələrə və düşmələrə məruz qalır. Ekran və arxa şüşə tez sınır.
Bu səbəbdən keyfiyyətli qoruyucu örtükdən istifadə etmək vacibdir.
Əgər dizayn səbəbilə örtükdən istifadə etmək istəmirsinizsə, o zaman uzadılmış zəmanət (extended warranty) almaq tövsiyə olunur ki, cihaz ciddi zərər gördükdə pulsuz dəyişdirilə bilsin.
3. Batareyadan yanlış istifadə
Telefon batareyalarının ömrü tədricən azalır. Buna səbəb onların tam boşaldılması və ya uzun müddət şarjda saxlanmasıdır.
Mütəxəssislər tövsiyə edir ki, batareya səviyyəsi heç vaxt 30%-dən aşağı düşməsin.
Çünki batareya tam boşaldıqda, sonradan onu doldurmaq üçün daha çox enerji tələb olunur və bu da onun ömrünü azaldır.
4. Telefonda suya qarşı davamlılıq xüsusiyyətinə həddən artıq güvənmək
Əksər telefonlar indi “suya davamlı” kimi tanıdılır, amma bu ifadə çox zaman yalnız damcı və ya az miqdarda nəmə qarşı qorunma deməkdir.
Telefonu uzun müddət su altında istifadə etmək təhlükəlidir.
Hətta telefon dərhal sıradan çıxmasa belə, təkrarlanan su təması cihazın iç hissələrində korroziyaya səbəb olur.
Su altında foto və video çəkmək istəyirsinizsə, bu məqsəd üçün xüsusi suya davamlı aksessuarlardan istifadə edin.
5. Telefonun təhlükəsizliyinə etinasız yanaşmaq
Bir çox insan düşünür ki, telefonlar viruslara qarşı tam təhlükəsizdir, amma bu doğru deyil.
Ağıllı telefonlar da zərərli proqramlar (malware) və casus tətbiqlər tərəfindən hədəfə alınır.
Bu proqramlar adətən şübhəli sayt və ya rəsmi olmayan tətbiq mağazalarından yüklənir.
Məsləhət: Yalnız etibarlı mənbələrdən fayl və tətbiqləri endirin və hər zaman cihazınızda təhlükəsizlik yeniləmələrini aktiv saxlayın.
Beləliklə, telefonunuzu uzunömürlü saxlamaq üçün keyfiyyətli aksesuarlar istifadə edin, batareyanı düzgün idarə edin, onu sudan qoruyun və təhlükəsizliyə biganə yanaşmayın.
