“Baharın on yeddi anı” filmində Ştirlis obrazını yaratmaqla, keçmiş SSRİ-də məşhur olan rus aktyoru Tixonov:
“Bağ evimdə istirahət edərkən, ürəyimlə bağlı özümü pis hiss etməyə başladım. Çox gec idi, yanımda isə həkim yox. Düzdür, yaxınlıqda bir hərbi hospital var idi. Ona görə doğmalarım məni ora aparmalı oldular.
Qəbul şöbəsində həkim anket doldurmağa başlayır:
-Soyadı, adı, atasının adı?
-Tixonov Vyaçeslav Vasilyeviç -deyə cavab verirəm.
-Hərbi rütbə? -deyə həkim məndən soruşur.
-Standartenfürer -deyə cavab verirəm.
Həkim başını qaldırdı, mənə baxdı:
-Oh, bağışlayın, tanımadım …”
—
Almaniyada çəkilişlər zamanı az qala Vyaçeslav Tixonovu həbs edirmişlər. Aktyor qaldığı mehmanxanadan çəkiliş meydançasına piyada getməyə qərar verib, həm də SS-in ştandartenfüreri mundirində. Berlinlilər dərhal onu əhatəyə alıb, tutublar. Polisə təhvil verməmiş, çəkiliş qrupu özlərini çatdırıb, aktyoru onların əlindən ala biliblər.
Qalan çəkilişlər SSRİ-də çəkilib. Riqada, Tbilisidə, Borjomidə, Moskva ətrafında. Yazda isə bəzi çəkilişlər ancaq Qorki adına kinostudiyada olub.
Filmin bir yerində Tixonov kibrit çöplərindən heyvan fiqurları düzəldir. Həmin kadrda fiqurları düzəldən qol filmin rəssamı Feliks Rostotskinin qoludur. Tixonovun həmin qolunda “Slava” yazılmış döymə vardı, onu ört-basdır etmək heç cür mümkün olmayıb.
Daha bir epizodda SS-çilərin uşağa işgəncə verdiyi səhnədə bir, yaxud iki yox, çox sayda uşaqlar çəkilib. Yaxınlıqdakı uşaq evindən gətirilmiş uşaqları hər kadrdan sonra dəyişirmişlər ki, uşaq aclığa, susuzluğa, yuxusuzluğa dözə bilməz.
Tamaşaçının yadında olar, uşaq açıq pəncərənin qarşısında soyundurulur, guya soyuğun qabağında. Əslində isə çəkiliş studiyada aparılırdı və qətiyyən soyuq gələn yer qoyulmamışdı. Uşaqlara o qədər xoş olurmuş ki, hətta kameraya gülümsəyirmişlər. Axırda səs operatoru Uşaq evinə gedib ki, ağlayan uşaq səsi yazdırıb gətirsin.
Mahnıları ifa etmək üçün o vaxt çox məşhur olan Müslüm Maqomayev dəvət edilib, oxuyub, amma rejissor xanım Müslümə necə oxumaq lazım olduğunu izah etməyə çalışanda müğənni təkrar oxumaqdan imtina edib: “Mənə kimsə necə oxumağı diktə edə bilməz”. Sonradan Valeriy Obodzinskiy də oxuyub, Valentina Tolkunova da. Kobzon 16-cı ifaçı olub. Rejissordan incik düşsə də onun dedikləri ilə razılaşıb. Titrlərdə isə adı yoxdur, çünki titrlər səs təsdiq edilməzdən əvvəl yazılmışdı.
Filmin premyerası 1973-cü ilin avqustunda olub. Filmin efirə getdiyi müddətdə, o vaxt milislərin müşahidəsinə görə, ölkədə cinayətkarlığın say azalıb. Həmin vaxt Moskva küçələrində tam sakitlik hökm sürürmüş. Hamı evdə televizor qarşısında “Baharın on yeddi anı”nı izləyirmiş.
Hətta film Macarıstan televiziyasında nümayiş olunanda SSRİ vətəndaşı gömrükdən keçərkən sərhədçidən soruşub ki, sizin vətəndaşlar Avstriyaya qaçmağa can atmırlar? Sərhədçi – hal-hazırda yox, çünki televiziyada sizin “Baharın on yeddi anı” filmi gedir –deyə gülümsəyərək cavab verib.
İkinci seriyadan sonra “Mosfilm”ə, televiziyaya aramsız zənglər və məktublar gəlməyə başlayıb. Bir qadın təşəkkür edirmiş ki, əri bu filmə baxmaq xətrinə evdən çıxmır və içkini tərgitməyə başlayıb. Tatyana Lioznova özü filmə baxa bilmirmiş, çəkiliş vaxtı elə haldan düşübmüş ki, özündə güc tapıb işinə baxa bilməyib. Ancaq pəncərədən müşahidə edirmiş ki, bütün mənzillərdə həmin vaxt kinoya baxırlar.
SSRİ-də gəzən əfsanəyə görə, Leonid Brejnev köməkçilərinə tapşırıb ki, təcili Ştirlisi tapıb, mükafatlandırmaq lazımdır. Andropov cavab verib ki, elə adam yoxdur, bu, uydurulmuş obrazdır. “Təəssüf” – deyə Brejnev cavab verib.
Həmin gün Brejnev aktrisa Yekaterina Qradovanın evinə zəng edib ki, ona təşəkkür etsin. Aktrisa kiminsə onunla zarafat etdiyini zənn edərək, dəstəyi hirslə asıb. İkinci dəfə zəng vuran köməkçi onu inandıra bilib ki, onunla həqiqətən Leonid İliçin özü danışacaq.
