10 oktyabr — Ölüm cəzasına qarşı beynəlxalq mübarizə günüdür.
Cəza, ümumiyyətlə, başqalarını islah etmək və ya qorxutmaq vasitəsi kimi müəyyənləşdirilib.
Amma siz kimsiniz ki, məni başqalarını islah etmək və ya qorxutmaq məqsədilə cəzalandırasınız?
Üstəlik, tarix və “statistika” adlanan bir şey mövcuddur ki, ən dolğun sübutlarla göstərir: “Qabil” dövründən bəri dünya cəza vasitəsilə nə qorxudulub, nə də islah olunub. Əksinə, tam tərsi doğrudur.
Mücərrəd hüquq baxımından insanın ləyaqətini abstrakt şəkildə tanıyan tək bir cəza nəzəriyyəsi var – o da Kantın nəzəriyyəsidir. Bu xüsusilə Hegelin ona verdiyi sərt formullarda görünür.
Hegel deyirdi:
“Cəza, cinayətkarın haqqıdır. O, öz iradəsinin nəticəsi olan bir hərəkətdir. Cinayətkar hüququ pozmaqla bu pozuntunu öz haqqı kimi elan edir. Cinayət hüququn inkarıdır. Cəza isə bu inkarın inkarıdır, yəni cinayətkarın özünün müdafiə etdiyi və özünə tətbiq etdiyi hüququn təsdiqidir.”
(Hegel – Hüquq fəlsəfəsi)
Şübhəsiz ki, bu formullaşmada bir saxtakarlıq var. Çünki Hegel cinayətkara məhkəmə sisteminin sadəcə bir nəticəsi və köləsi kimi baxmaq əvəzinə, onu taleyini öz iradəsi ilə müəyyən edən azad bir varlıq səviyyəsinə qaldırır.
Məsələyə daha dərindən baxdıqda görürük ki, burada alman idealizmi, çox hallarda olduğu kimi, mövcud ictimai qanunlara fövqəltəbii bir qətiyyət verir.
Bəs bu saxtakarlıq deyilmi ki, insanın gerçək motivlərini, onu sıxan sosial mühit və şəraitləri kənara qoyub, insanın çoxsaylı xüsusiyyətlərindən yalnız birini — “azad iradə”ni götürüb, onu bütöv insanın yerinə qoya?
Bu nəzəriyyə, cəzanı cinayətkarın öz iradəsinin nəticəsi kimi dəyərləndirməklə, qədim “qisas qanunu”nun metafizik ifadəsindən başqa bir şey deyil (eyni növ cəza ilə cavab vermə haqqı).
Açığı budur ki, cəza — cəmiyyətin öz həyati şərtlərinin pozulmasına qarşı, bu şərtlərin mahiyyətindən asılı olmayaraq, özünü müdafiə vasitəsidir.
Amma sual olunur: özünü müdafiə etmək üçün cəlladdan daha yaxşı bir vasitə tanımayan, vəhşiliyini əbədi bir qanun kimi təqdim edən bu necə bir cəmiyyətdir?
Cənab A. Kütle (A. Quetelet) öz dərin və elmi əsərində yazırdı:
“Biz dəhşətli bir dəqiqliklə, həbsxanalara, zindanlara, edam meydanlarına və s. üçün büdcə ayırırıq. Biz təxmin edə bilirik ki, nə qədər insan başqa insanların qanına bulaşacaq, nə qədər saxtakar olacaq, nə qədər adam həbsə düşəcək — təxminən doğum və ölüm göstəriciləri kimi…”
Kütle 1829-cu ildə dərc olunan “Cinayət ehtimalları” adlı işində 1830-cu ildə Fransada baş verəcək cinayətlərin sayını və növlərini heyrətamiz dəqiqliklə əvvəlcədən müəyyən etmişdi.
Əslində cinayətlərə səbəb olan, təkcə müəyyən siyasi qurumlar deyil, müasir burjua cəmiyyətinin əsas şərtlərinin özüdür.
Belə olduqda, cəlladı — yəni yeni cinayətkarlar üçün yer açmaq məqsədilə yüzlərlə cinayətkarı edam edən adamı — tərifləmək və ucaldatmaq əvəzinə,
cinayətin və cinayətkarın qaynağı olan sistemin özünün dəyişdirilməsini tələb etmək vacib deyilmi?
