Gülener Kınalı
23 Oktyabr 2017 Bazar ertəsi
1999-cu ildə Abdullah Öcalanın Keniyada yaxalanaraq Türkiyəyə gətirilməsinin təfərrüatları, 10 il sonra, CIA-ya bağlı Kəşfiyyat Tədqiqatları Mərkəzinin (“Studies in Intelligence”) jurnalında dərc olunan bir məqalədə izah edilmişdir. Məqalənin müəllifi, 2002-2005-ci illərdə “Associated Press” müxbiri işləmiş, Miçiqan Ştat Universitetində doktorluq dərəcəsi almış, beynəlxalq əlaqələr üzrə mütəxəssis Miron Varouhakisdir. Məqalə Öcalanın Yunanıstandan Keniyaya necə aparıldığını, Cənubi Afrikaya aparılmaq istənərkən Kenya hökumətinin hadisəyə necə müdaxilə etdiyini və bütün bunlar baş verərkən Yunanıstan kəşfiyyatının prosesi necə idarə edə bilmədiyini ətraflı şəkildə araşdırır. Türk mediasında yer almamış bu məqalənin geniş xülasəsini təqdim edirik:
Öcalanın yaxalanmasının pərdə arxası
1999-cu ildə Yunanıstan hökuməti Öcalanla danışıqların aparılması və onun taleyinin idarə edilməsi üçün Yunanıstan Milli Kəşfiyyat Təşkilatını (EYP) vəzifələndirdi. Bir neçə mümkün ssenari nəzərdən keçirildikdən sonra Afina, Öcalan və yoldaşlarını Keniyaya, oradan da Cənubi Afrikaya aparmağa qərar verdi. Buradakı əsas məqsəd, Öcalanın Cənubi Afrikaya sığınması və sığınacaq prosedurları başa çatana qədər Keniyada təhlükəsiz şəraitdə saxlanılması idi. Bütün bu prosesi idarə etmək üçün isə kəşfiyyatçı Savvas Kalenteridis vəzifələndirildi.
Yunanıstan hökumətinə məxsus bir “Falcon” jeti Öcalan və yoldaşlarını 2 fevral 1999-cu il tarixində saat 11:00-də Keniyanın paytaxtı Nayrobiyə apardı. Bir gün əvvəl isə Yunanıstanın Xarici İşlər Naziri Theodoros Pangolosun yüksək səviyyəli müşavirlərindən Vassilis Papaioanou, Nayrobi Səfirliyinə məlumat verərək Nayrobiyə enəcək təyyarədə çox vacib sərnişinlərin olduğunu bildirmişdi.
Öcalan, Yunanıstan tərəfindən düzəldilmiş saxta pasportla səyahət etmişdi. Pasport, PKK tərəfdarı olduğu bilinən məşhur Kiprli jurnalist Lazaros Mavros adına idi.
Nayrobiyə çatdıqdan sonra Öcalan və yoldaşları Yunanıstanın Nayrobidəki Səfiri Georgios Costoulasın evinə yerləşdirildilər. Ertəsi gün Papaioanou yenidən Səfirə zəng edərək Səfirlik ilə Xarici İşlər Nazirliyi arasındakı bütün əlaqənin telefonla aparılmalı olduğunu bildirdi. Bu vaxt, əməliyyata rəhbərlik edən Kalenteridis, hökumətin gizli planını Səfirə açıqlamışdı. Sözügedən plana görə, Kalenteridis ən qısa zamanda Cənubi Afrikaya gedərək orada Öcalan üçün etibarlı pasport alınmasını təmin edəcək və sığınacaq prosedurlarına başlayacaqdı. Öcalan isə proseslər tamamlanana qədər Nayrobidəki Səfirlik binasında qalacaqdı.
Fevralın 4-ü, Cümə axşamı, səhər tezdən ABŞ-ın Nayrobi Səfirliyindən bir məmur Yunanıstan Səfirliyinə zəng edərək növbəti gün üçün təcili görüş tələb etdi. Elə həmin gün Səfir Costoulas da Kenya Xarici İşlər Nazirliyinə çağırıldı və gələn “Falcon” təyyarəsi və içindəki sərnişinlər haqqında suallar verildi.
Bu ərəfədə, Kalenteridis Cənubi Afrikaya getmək üçün Nayrobi Hava Limanında olarkən, Keniya səlahiyyətliləri tərəfindən saxlanılaraq sorğu-sual edildi. Kalenteridis təyyarəyə buraxılmadı və Səfirliyə geri döndü.
Afina: “Biz Öcalana bir güzəşt etdik”
Fevralın 5-i, Cümə günü, Kenya hökuməti araşdırmasını genişləndirdi. Bundan qəzəblənən Səfir Costoulas Afinaya zəng edərək nələrin baş verdiyinə dair ətraflı məlumat istədi. Xarici İşlər Nazirliyinin müşaviri Papaioanou, Kenya hökumətinin sualları qarşısında Səfirə “bir çoban kimi davranmasını və laqeyd şəkildə fit çalmasını” tövsiyə etdi.
Lakin həmin günün irəliləyən saatlarında Papaioanoudan fərqli bir təlimat gəldi. Papaioanou, Səfirin Öcalana “dərhal Yunanıstan ərazisini tərk etməli olduğunu” söyləməsini istədi. Öcalanın hara gedəcəyini soruşan Səfirə Papaioanounun cavabı belə oldu: “Böyük müğənni [Xarici İşlər Naziri Pangolos üçün istifadə edilən kod adı] çox qəzəblidir. Biz onlara bir güzəşt etdik. Qoy bizi bu güzəştə görə peşman etməsinlər. [Öcalana] de ki, safariyə getsin. Hara istəyirsə ora getsin, təki bizim ərazimizdən çıxsın.”
Afina’nın təlimatları Öcalana çatdırıldıqda, təhlükəsizliyindən narahat olan Öcalan təxliyə əmrini rədd etdi və Yunanıstandan siyasi sığınacaq üçün rəsmi ərizə yazdı. Afinanın təxliyədə israrlı olması üzərinə isə Öcalan və İtaliyadan bəri yanında olan Ayfer Qaya, Səfirlik rəsmilərini binanın bağçasında intihar etməklə təhdid etdilər. Bir neçə gün başqa ssenarilər düşünüldü. Fevralın 12-də isə əməliyyata rəhbərlik edən kəşfiyyat rəsmisi Kalenteridisin Afina hökumətinə kömək etmədiyi ortaya çıxdı.
Yunanıstan kəşfiyyatçısı Afinadan gələn əmrlərə inadla tabe olmur
Fevralın 12-də EYP katibi Haralambos Stavrakakis, Kalenteridisə zəng edərək Öcalanın Səfirlik ərazisindən çıxarılması üçün az qala yalvardı: “Dərhal tərk etməsini və hara istəyirsə getməsini söyləyin. Biz ona heç bir söz verməmişik. Bax balam, yalvarıram sənə, dərhal qovun.”
Lakin Kalenteridis Afinanın dediklərini tətbiq etməkdən imtina etdi. Növbəti gün Öcalanın Yunanıstanlı vəkili Nayrobiyə gəldi. Vəkil gələndə Öcalanın etibarlı pasportu və yeni bir planı yox idi. Öcalan, vəkili ilə məsləhətləşdikdən sonra, Yunanıstanın sığınacaq qəbul etmədiyi təqdirdə onu beynəlxalq hüquqa uyğun olaraq mühakimə etmək üçün məhkəməyə müraciət etməsini istədi.
Digər tərəfdən isə Stavrakakis Kalenteridisə təkrar-təkrar zəng edirdi. Bu dəfə Stavrakakis, “Öcalanı lazım gələrsə güc tətbiq edərək çıxarmalarını” əmr etdi, lakin Kalenteridis bunu edə bilməyəcəyini söylədi. Dərhal ardınca EYP mərkəzindən gələn bir telefon zəngi Kalenteridisə belə dedi: “Savvas, məni dinlə! Mən Tzovarasam. Yanımda üç nazir və EYP katibi var. Sənin etdiklərin üzündən bu üç nazirin karyerası təhlükədədir, başa düşürsən? Dərhal gedib Öcalanı zorla çıxarmalısan.” Kalenteridis isə güc tətbiq edə bilməyəcəyini söyləyərək Afinanın təlimatlarını dördüncü dəfə rədd etdi.
Kalenteridisə sözünü keçirə bilməyən Afina rəhbərliyi, sözügedən əmrlərin yerinə yetirilməsi üçün dörd yüksək səviyyəli EYP təhlükəsizlik əməkdaşını Nayrobiyə göndərməyə qərar verdi. EYP və Papaiaonou, yeni planı Səfirə şifrəli şəkildə bildirdi: “Sabah sizə bir futbol komandası gəlir və lazım gələrsə top oynayacaqlar.”
Afinadan yeni təlimat: “Nənə dərhal təxliyə ediləcək”
14 fevral, Bazar günü saat 13:00-də Afinada vəzifələndirilən təhlükəsizlik qrupu Nayrobiyə çatdı. Keniya səlahiyyətliləri tərəfindən hava limanında qısa müddət saxlanılıb sorğu-sual edilən qrup, Keniya və digər ölkələr tərəfindən izlənildiklərinin fərqinə varmışdı.
Təhlükəsizlik qrupu Səfirliyə çatmadan bir neçə saat əvvəl, Papaioanou səfirlik katibinə zəng edərək yeni direktivləri verdi. Papaioanou’nun “hərfi-hərfinə əməl olunmasını” israrla söylədiyi yeni direktivlər belə idi:
- Futbol komandası təlimatları dərhal və lazım gəldikdə güc tətbiq edərək yerinə yetirəcək.
- Nənə [Öcalan üçün istifadə edilən kod adı] dərhal təxliyə ediləcək.
- Nayrobidəki bir oteldə Nənə üçün bir otaq ayırın.
- Lazım gələrsə Nənənin cibinə bir az pul qoyun.
- Otelin yaxınlığına aparıb buraxın.
- Onu və yoldaşlarını orada dərhal tərk edin və bir daha heç bir şəkildə əlaqə qurmayın.
- Bütün bunlar sabah baş vermiş olsun.
Ankara-Nayrobi əməkdaşlığı ilə Öcalan yaxalandı
15 fevral, Bazar ertəsi günü Səfir Costoulas Kenya Xarici İşlər Nazirliyinə çağırıldı. Xarici İşlər Nazirliyinin rəsmiləri Öcalanın səfirlikdə gizləndiyini bildiklərini söylədilər. Digər tərəfdən, Nazirlik tərəfindən Costoulusa, Öcalanın istədiyi bir ölkəyə getməsi üçün təyyarə təxsis edilə biləcəyi bildirildi. Təklif Yunanıstanın Xarici İşlər Naziri Pangolosa çatdırıldı və Pangolos qəbul etdi. Bundan sonra Öcalanı iki saat ərzində göndərməyi qərara aldılar.
Afina təyyarə və uçuşun təfərrüatlarını sorsa da, cavab ala bilmədi. Digər tərəfdən, Kenya hökuməti Öcalanın hava limanına Yunanıstan Səfirliyinə məxsus bir avtomobillə aparılmasına icazə vermədi və Kenya hökumətinə məxsus bir avtomobil təxsis etdi. İki ölkənin rəsmiləri arasındakı danışıqlardan sonra Öcalan, yanında heç bir Yunanıstan rəsmisi olmadan Kenya hökumətinə məxsus bir avtomobilə mindirildi və hava limanına aparıldı. Hava limanında Öcalanın mindirildiyi təyyarənin içində isə Türkiyə rəsmiləri hazır vəziyyətdə gözləyirdi. Türkiyə rəsmiləri Öcalanı orada həbs etdi, qandalladı, gözünü bağladı və Türkiyəyə gətirdi.
Yunanıstan kəşfiyyatı prosesi necə idarə edə bilmədi?
Bu yazını qələmə alan Miron Varouhakis, Öcalanın yaxalanması və Türkiyəyə gətirilməsi prosesinin təfərrüatlarını izah etdikdən sonra Yunanıstanın prosesi idarə etməkdə necə uğursuz olduğunu da qiymətləndirir. Varouhakisə görə, Kalenteridis və qrupunun vəzifəsi Öcalanı bir yerə sığınacaq tapa bilənə qədər Yunanıstandan kənarda təhlükəsiz bir yerdə saxlamaq idi. Bu vəzifədən başqa heç bir ölkənin xəbəri olmamalıydı. Lakin beynəlxalq təzyiqlə yanaşı, Afina rəhbərliyi ilə Səfirlik rəsmiləri arasındakı uğursuz əlaqə də Yunanıstanın vəzifəni idarə edə bilməməsinə səbəb oldu.
Digər tərəfdən Varouhakisə görə, Kenya tamamilə yanlış bir seçim idi. Çünki bu hadisələrdən təxminən 6 ay əvvəl Əl-Qaidə ABŞ-ın Nayrobi Səfirliyinə bombalı hücum təşkil etmişdi. Buna görə də həm ABŞ kəşfiyyatı Nayrobidə hərtərəfli araşdırma aparırdı, həm də Keniya səlahiyyətliləri tam hazır vəziyyətdə idilər. Onsuz da bu şəraitdə Keniyanın Öcalan kimi bütün dünyada axtarılan birinə kömək etməsi mümkün deyildi.
EYP katibi Stavrakakisin sonradan açıqladığına görə, Xarici İşlər Naziri Pangolos Öcalanı əvvəlcə Hollandiyaya vermək istəmişdi, lakin Hollandiya təhlükəsizlik səbəbiylə qəbul etmədi. EYP də Cənubi Afrika ilə danışıqlar apararkən Keniyanın təhlükəsiz bir stansiya ola biləcəyini düşünmüşdü. Lakin Keniyadakı şəraitdə, bütün dünyada axtarılan Öcalanın da izləniləcəyini düşünmək üçün bir çox səbəb var idi.
Bundan başqa, Yunanıstan rəsmilərinin rabitə təhlükəsizliyinə, əks-kəşfiyyata, mənbələrin və metodların qorunmasına diqqət yetirməməsi də Yunanıstan kəşfiyyatının prosesi idarə edə bilməməsinin altında yatan mühüm səbəbdir. Çünki sonradan ortaya çıxan sənədlər, Türkiyə və ABŞ-ın da Öcalanın Yunanıstanda olduğunu və Keniyaya göndərildiyini bildiklərini göstərir.
Öcalanın yaxalanmasının pərdə arxası: Uduzanlar
Varouhakisə görə Afinanın etdiyi ən böyük səhv Kalenteridisin vəzifələndirilməsi idi. Qaradənizli bir ailənin övladı olan, İzmirdə hərbi attaşe işləmiş və Türk dilini çox yaxşı bilən Kalenteridisin, EYP-nin sonradan açıqladığı bəzi sənədlərə görə, 1998-ci ilin dekabrında Romada Öcalan ilə Yunanıstan Parlamentinin vitse-spikeri Panagiotis Sgouridis arasındakı görüşdə EYP tərəfindən vəzifələndirilməməsinə baxmayaraq tərcüməçi kimi iştirak etdiyi ortaya çıxdı. EYP-yə bağlı Casusluq Bölməsinin direktoru polkovnik Kitsos isə Öcalanın Keniyaya aparılmasından əvvəl EYP daxilində bəzilərinin müstəqil hərəkət etdiyini və əmrlərə tabe olmaya biləcəyini bildirmişdi. Nəticədə Kalenteridis EYP-nin əmrlərinə tabe olmadı və bunun nəticəsində Yunanıstan kəşfiyyatı və Afina rəhbərliyi tam bir fiyasko yaşadı. Hətta nəticələri bununla məhdudlaşmadı və Afinanın Ankara və Vaşinqtonla əlaqələri gərginləşdi.
Öcalanın yaxalanmasının pərdə arxası hekayəsinin nəticəsində isə, bu fiyaskonun bədəlini bəziləri karyeraları ilə ödədi. Yunanıstan kabinetinin üç üzvü, eləcə də EYP katibi istefa vermək məcburiyyətində qaldı. Əmrlərə tabe olmayan kəşfiyyatçı Kalenteridis isə bir il sonra istefasını təqdim etdi.
Qaynaq: medyascope, “CIA dergisinde Öcalan’ın yakalanmasının ayrıntıları”
