Şirkət Google çərşənbə günü rəsmi olaraq proqramçılar üçün nəzərdə tutulmuş süni intellekt aləti Gemini CLI-yə yeni bir xüsusiyyət təqdim edib.
Bu xüsusiyyət xarici şirkətlərə öz xidmət və alətlərini birbaşa sistemə inteqrasiya etməyə imkan verir. Addımın məqsədi bu aləti açıq inkişaf platformasına çevirməkdir.
Yeni xüsusiyyətin adı Gemini CLI Extensions-dur. O, artıq Figma və Stripe kimi böyük şirkətlərin əlavələrini dəstəkləyir və əlavə olaraq GitHub deposunda mövcud olan digər əlavələrdən də istifadə etmək mümkündür.
Bu addım OpenAI şirkətinin ChatGPT mühitində “tətbiqlər” funksiyasını istifadəyə verməsindən cəmi iki gün sonra atılıb. Həmin funksiya xarici sistemləri ChatGPT-nin süni intellekt mühitinə qoşmağa imkan verir. Bu barədə TechCrunch saytının məlumatına əsasən Al Arabiya Business xəbər verib.
Açıq və çevik inkişaf mühiti
“Google” bildirib ki, onların sistemi daha açıq və çevik olacaq. Belə ki, istənilən proqramçı şirkətin birbaşa təsdiqinə və ya nəzarətinə ehtiyac olmadan öz əlavəsini yarada və yayımlaya biləcək.
Layihənin baş mühəndisi Teylor Mullen deyib:
“Açıq ekosistem bizim gördüyümüz işin əsasını təşkil edir. Biz hər kəsin iştirak edə biləcəyi ədalətli bir mühit qururuq.”
İlk rəsmi əlavə: “Nano Banana”
Keçən həftə “Google”un şəkil yaratma aləti olan Nano Banana üçün ilk rəsmi əlavə istifadəyə verilib.
Bu əlavə istifadəçilərə Gemini CLI vasitəsilə, yəni əmrlər sətrində birbaşa şəkillər yaratmaq imkanı verir.
Bir milyondan çox istifadəçi – əsasən proqramçılar
“Google”un məlumatına görə, Gemini CLI 2025-ci ilin iyun ayında istifadəyə verildikdən bəri onun istifadəçilərinin sayı 1 milyonu keçib.
Onların əksəriyyəti proqramçılar və proqram mühəndisləridir. Onlar bu alətdən kod yazmaq, sınaqdan keçirmək və texniki layihələrini idarə etmək üçün istifadə edirlər.
Şirkətin inkişaf alətləri bölməsinin məhsul idarəetmə direktoru Rayan Salva bildirib:
“Yeni sistemin məqsədi Gemini CLI-ni əlavələr üçün çevik bir platformaya çevirməkdir — yəni proqramçıları öz alətləri və əmrlər zəncirləri ilə eyni iş mühitində birləşdirmək.”
Mənbə: Al Arabiya Business
