Hannah Arendt “İnsan Vəziyyəti” (The Human Condition) kitabında, bütün növ bəşəri fəaliyyətləri vahid başlıqlar altında birləşdirən siyasi filosoflara qarşı çıxır. Məsələləri daha aydın izah etmək üçün Arendt üç fərqli anlayış irəli sürür: Zəhmət (Labor), İş (Work) və Əməl (Action).
- Zəhmət insanın sağ qalması üçün zəruri olan maddi və bioloji fəaliyyətlə əlaqədardır.
- İş insanın sənaye məhsulları (süni əşyalar) yaratmaq fəaliyyətləri ilə bağlıdır.
- Əməl isə insanın siyasi layihələr irəli sürmək və təşəbbüs göstərmək üçün etdiyi yaradıcı fəaliyyətlərlə əlaqələnir.
Əməl sahəsi insanların çoxluğunu (kəsrətini) nümayiş etdirir. İnsanlar zəhmət və iş sahəsində az-çox oxşar olsalar da, əməl sahəsində geniş müxtəlifliyə və çoxluğa malikdirlər. Lakin siyasətə sağ qalma (zəhmət) və ya qurma (iş) kimi baxmaq, bəşəri çoxluğa məhəl qoymamaq və praktikada fərdlər üzərində güc tətbiq etmək deməkdir.
Arendtin fikrincə, siyasi filosoflar siyasət haqqında elə yazıblar ki, insanların ən vacib siyasi xüsusiyyətləri mütəşəkkil şəkildə nəzərdən qaçırılıb: Bu xüsusiyyətlər insanların müxtəlif olması, hər birinin yeni baxışlar və yeni əməllər yaratma qabiliyyətinə malik olması və siyasi qabiliyyətlərinin tapdalanması bahasına olmasa, onların nizamlı, proqnozlaşdırıla bilən bir plan və ya qəlibə sığmamasıdır.
Arendtin Zəhmət, İş və Əməl kimi üç sahəni təhlil etməsi və siyasət sahəsində Əməlin əhəmiyyətini vurğulaması, bir növ layihə irəli sürməyə, ideyalar yaratmağa, insanın azadlığına, onun agentliyinə (fəaliyyət imkanına) və dünyanı şərh etmək və dəyişdirmək üçün olan yaradıcı gücünə dəvətdir.
Siyasətin əsas şərti və halı budur: Siyasət hər biri fəaliyyət göstərə bilən və yeni bir axın başlada bilən çoxlu insanlar arasında cərəyan edir. Belə bir qarşılıqlı əlaqədən yaranan nəticələr zəruri deyil, mümkün və proqnozlaşdırıla bilməyəndir; bunlar geniş kollektiv razılıqdan asılı olan praktiki siyasətə aid məsələlərdir.
