Əsr İran saytının xəbərinə görə, Mahmud Fazili; keçmiş diplomat və beynəlxalq məsələlər təhlilçisi deyir ki, Türkiyənin müdafiə sənayesinə çoxillik sərmayəsi indi özünün əməli nəticələrini verib və ölkəni qlobal silah bazarında mühüm oyunçulardan birinə çevirib. Bu sənaye təkcə Türkiyənin xarici siyasətini inkişaf etdirmək üçün bir vasitə deyil, həm də mühüm gəlir mənbəyinə çevrilib, çünki hər il silah ixracatı həm kəmiyyət, həm də keyfiyyət baxımından artır.
Türkiyənin hərbi silah ixracatı 7.1 milyard dolları keçib. Ankaranın hədəfi, 2027-ci ilə qədər ixracat dəyərini 10 milyard dollara çatdırmaqdır. Türkiyənin müdafiə sənayesi məhsulları dünyanın 111 ölkəsinə ixrac edilir. Hətta Avropa İttifaqının Polşa, Rumıniya, İspaniya, İtaliya, Xorvatiya, Sloveniya və Estoniya kimi üzv ölkələri də Türkiyə silahlarının müştəriləri sırasındadır.
Türkiyənin ixracat statistikası belədir: 40 ölkəyə 4500 zirehli döyüş maşını, 10 ölkəyə 140 döyüş gəmisi, 50 ölkəyə 770 pilotsuz uçuş aparatı (PUA), 24 ölkəyə 1200 elektro-optik sistem və sabit silahlar, 8 ölkəyə həmlə helikopterləri, 10 ölkəyə radar, 3 ölkəyə yüngül freqat, 111 ölkəyə yüngül silahlar, 11 ölkəyə 1500 gəzən sursat (kamikadze dron) və 2 ölkəyə “Hürkuş” təlim təyyarəsi.
Türkiyə Avropada bir çox ölkə ilə silah müqavilələri imzalayıb. Bunlara İspaniyaya “Hürkuş” təlim təyyarəsinin satışı, İtalyan “Leonardo” şirkəti ilə PUA-ların birgə istehsalı, Sloveniya, Estoniya, Rumıniya və Ukraynaya zirehli maşınların satışı, Albaniya, Polşa və Xorvatiyaya PUA-ların satışı, Portuqaliyaya dəstək gəmisi və Almaniya ilə topların sursatının birgə istehsalı müqaviləsi daxildir.
Türkiyənin dövlət və özəl şirkətləri gələcək üçün başqa proqramlar da nəzərdə tutublar. Məsələn, Əlcəzairə 10 ədəd “ANKA-S” PUA-sı və Mərakeşə 13 ədəd “Bayraktar” PUA-sının satışı buna misal ola bilər. Nigeriya da iki patrul gəmisi və 6 ədəd “T129 ATAK” həmlə helikopteri sifariş edib.
Türkiyə Ukrayna və Pakistanla yüngül freqatların (korvet) tikintisi üçün müqavilələr imzalayıb. Keçən iyul ayında İndoneziya ilə 48 ədəd “KAAN” qırıcısının satışı barədə müqavilə imzalanıb. Bu yaxınlarda isə Türkiyənin “Havelsan” şirkəti Misirin “AOI” şirkəti ilə PUA-ların birgə istehsalı üçün müqavilə imzalayıb. Suriya ilə hərbi əməkdaşlıq müqaviləsinin imzalanması və Türkiyə zabitlərinin bu ölkədə yerləşdirilməsi ilə silah satışının və pulsuz verilməsinin artacağı gözlənilir.
Türkiyənin Polad Günbəzi: Çoxqatlı Hava Hücumundan Müdafiə Sistemi
Türkiyənin istehsalı olan beşinci nəsil qırıcı təyyarəsi “KAAN”, qlobal silah bazarının yeni oyunçularından biri kimi beynəlxalq medianın diqqətini cəlb edib. Bu qırıcı təyyarə təkcə havada deyil, həm də dünya silah bazarlarında diqqət mərkəzindədir və “F-35” üçün potensial alternativ kimi irəli sürülüb.
Ən böyük müsəlman ölkəsi olan İndoneziya ilə ilk ixrac müqaviləsinin imzalanması qlobal müdafiə sənayesində mühüm inkişaf kimi qiymətləndirilir. Türkiyə bu müqavilə ilə böyük bir silah ixracatçısına çevrilmək yolunda mühüm bir addım atıb.
Türkiyə həmçinin 2025-ci ildə keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində adi silahlar sahəsində böyük bir inkişaf nümayiş etdirərək, “Qazab” (Əzab) və “Hayalət” (Kabus) adlanan iki güclü adi bomba təqdim etdi. Bu bombalar 90 metr dərinlikdə qaya və torpaq altında partlama qabiliyyətinə malik iki sığınacaq qırıcı bombadır. “Hayalət” bombası bir adada sınaqdan keçirilmiş və qaya və torpaq altında 90 metr dərinlikdə partlayış yarada bilmişdir.
Türkiyə müdafiə sənayesinin inkişafı, həm strateji, həm də diplomatik cəhətdən qonşu ölkə olan Yunanıstan üçün problematik və təhdidedicidir. Birinci təhdid strateji, eyni zamanda əməliyyat xarakteri daşıyır. Türkiyənin güclü və özünütəmin edən müdafiə sənayesi bu ölkənin silah idxalından asılılığını azaldıb, bu da ona digər ölkələrin müdafiə sistemləri və sursat tədarükündə qarşılaşdığı məhdudiyyətləri aşmağa imkan verir.
Yunanıstan bütün sahələrdə, hətta sursat sahəsində belə, özünütəminetmə dərəcəsinə çatmaqdan çox uzaqdır. İki ölkə arasında hərbi münaqişə baş verərsə, Türkiyə NATO tərəfindən mümkün sanksiyalarla üzləşsə belə, bu ölkənin əməliyyat qabiliyyəti və özünütəmin etmə imkanı asanlıqla zərər görməyəcək.
İkinci təhdid diplomatik xarakter daşıyır və Yunanıstan üçün daha ciddi nəticələrə səbəb ola bilər. Avropa səviyyəsində Türkiyə sübut edib ki, müdafiə sənayesindəki istehsal imkanlarından istifadə edərək İspaniya və İtaliya kimi mühüm Avropa ölkələri ilə münasibətlərini yaxşılaşdıra bilər və gələcəkdə daha böyük ölkələr də Ankara ilə oxşar əməkdaşlıqlara başlaya bilərlər.
Mövcud beynəlxalq geosiyasi qarışıqlıq dövründə Türkiyə özünü müdafiə layihələrində etibarlı tərəfdaş kimi təqdim edir ki, bu da Yunanıstanın tez-tez qarşılaşdığı bir problemdir.
