Müsbət tərəflər əlbəttə ki, var idi — təşkilati səviyyədə müəyyən sabitlik, naşirlər arasında həmrəylik, gənclərin marağı, yeni nəşriyyatların iştirakı, kitab sektorunun hələ də nəfəs aldığını göstərən kiçik, amma dəyərli işarələr. Lakin inkişaf üçün ən vacib şey, bəzən tərif deyil, çatışmazlıqların açıq şəkildə dilə gətirilməsidir. Əks halda, eyni dairədə fırlanmaqdan uzağa gedə bilmərik.
- Sərginin miqyası və ambisiyası
İldə bir dəfə keçirilən Beynəlxalq Kitab Sərgisi mənim üçün respublikanın mədəniyyət həyatında əsas hadisə sayılır. Bu, yalnız kitab ticarəti deyil, bütöv bir mədəni prosesin göstəricisidir. Amma təəssüf ki, bu sərginin həcmi, təsir dairəsi, iştirakçı və ziyarətçi sayı indikindən ən azı 10 dəfə çox olmalı idi və ya ola bilərdi.
Bakı kimi coğrafi baxımdan əlverişli bir şəhərdə belə bir sərginin regional miqyasda mədəni mərkəzə çevrilməsi mümkündür. Məncə bu barədə düşünülməli və düzgün strategiya qurulmalıdır.
- Mədəni inteqrasiyanın qaçırılmış imkanı
Eyni günlərdə Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı keçirilirdi. Bu, təsadüfi ola bilər, amma təşkilatiə əlaqələndirmə mümkün idi. Bu zirvənin mədəni sferada da əks-sədası ola bilərdi. Zirvədə iştirak edən ölkələrin kitab sektoru sərgidə geniş təmsil olunsaydı, bunun həm simvolik, həm də siyasi dəyəri olardı. Türk dünyası ölkələrinin ortaq ədəbiyyat, tərcümə, nəşriyyat proqramları üçün bu, əvəzsiz bir fürsət idi.
- Mədəniyyətə münasibət və dövlət prioritetləri
Mən bunu əvvəllər də demişəm: Milli Məclisin komissiyaları arasında Mədəniyyət Komissiyası ən son sıralardadır. Bu fakt özü ölkədə mədəniyyətə münasibətin göstəricisidir. Halbuki, mədəniyyət hər şeyin başlanğıcıdır — siyasət də, iqtisadiyyat da, diplomatiya da mədəni zəmin üzərində formalaşır.
Mədəni prosesləri güclü olan ölkə mənə görə güclü ölkə sayılır. Azərbaycanın, xüsusən Bakının coğrafi mövqeyi regionun mədəni mərkəzi olmaq üçün çox əlverişlidir. Lakin bu potensial, görünür ki, hələ də dövlət səviyyəsində düşünülmür.
- Dialoqun itməyə başlaması
Əvvəlki illərdə Mədəniyyət Nazirliyi sərgidən öncə naşirləri, yazıçıları, tərcüməçiləri, sektorun aparıcı insanlarını toplayar, birgə müzakirə aparardı. Problemlər, təkliflər, gözləntilər orada səslənərdi. Bu, həm peşəkar, həm də mənəvi baxımdan vacib idi — çünki dialoq inkişafa aparan yeganə yoldur.
Bu il isə belə bir toplantı olmadı. Bu, məncə, reqressiyanın aydın əlamətidir. Əksinə, dialoq genişlənməli, qarşılıqlı etimad dərinləşməli idi. Hətta sərgidən sonra da bir hesabat toplantısı keçirilib təəssüratlar bölüşülə bilərdi. Yoxsa işlərin yaxşı və ya pis getdiyini kim necə bilsin?
- Pafos və səviyyə məsələsi
Xarici qonaqların iştirak etdiyi beynəlxalq tədbirlərdə pafos, gurultu, muğam zənguləsi və təmtəraqlı çıxışlar artıq köhnəlmiş üslubdur. Mədəniyyətin keyfiyyəti səsin ucalığında deyil, fikrin dərinliyində özünü göstərir. Üstəlik, bu dəfə muğam ifaçıları peşəkar deyildi, səhnədə yaranan xaotik səs mühiti, bir də üstəlik Qətərdən gəlmiş folklor qrupunun təbilləri ilə birləşincə ümumi atmosfer küy festivalına çevrildi. Beynəlxalq səviyyədə keçirilən kitab sərgisində intellektual mühit yaradılmalı, qonaqlara düşüncə, dərinlik, dialoq təqdim etməli idi, səs-küy yox.
- Nəqliyyat problemi
Sərgiyə gələn ziyarətçilər üçün ayrılmış avtobuslar bu il əvvəlki illərdən fərqli idi. Dayanacaqların yeri dəyişdirilmiş, BakuBus-lar əvəzində köhnə model avtobuslar təyin olunmuşdu. Nəticədə həm komfort azalmış, həm də dayanacaq yerlərini tapmaq çətinləşmişdi.
İlk günlərdə ziyarətçi axınının az olmasının əsas səbəblərindən biri də, böyük ehtimalla, bu logistik xaos idi. Əgər məqsəd oxucunu kitaba yaxınlaşdırmaqdırsa, logistika da kitab qədər vacibdir.
- Qida zonası – bahalı və keyfiyyətsiz
Sərgidə fəaliyyət göstərən yeməkxanalarda qiymətlər baha, keyfiyyət isə aşağı idi. Unutmaq olmaz ki, sərgiyə gələnlərin əksəriyyəti məktəblilər, tələbələr və orta gəlirli ailələrdir. Kitab bayramı kommersiya tədbiri deyil; onun ruhu sosial ədalət və əlçatanlıq üzərində qurulmalıdır.
Kitaba sevgi ucuz yeməklə ölçülmür, amma o sevgi üçün insanın ac qarnı da düşünülməlidir.
- Kitab qiymətləri və oxucu davranışı
Biz Alatoran stendində ən ucuz kitabları təklif etdik — 200–300 səhifəlik romanlar, orijinal tərcümələr, cəmi 2 manata satılırdı. Çünki illərin təcrübəsindən bilirik: sərgi ziyarətçilərinin alıcılıq gücü məhduddur. Satışlarımızın 80%-i məhz bu 2 manatlıq kitablardan idi. Amma daha düşündürücü olan – məktəblilərin və gənclərin bizə verdiyi eyni sual idi: “Hədiyyə kitab var?”
Bu sadə cümlə çox şeyi deyir. Deməli, kitab artıq dəyər obyektindən “əlçatmaz arzuya” çevrilib. Uşaqlar kitabı almaq üçün deyil, sanki pay olaraq axtarırlar. Bu, həm sosial vəziyyətin, həm də mədəni dəyərlərin aşınmasının göstəricisidir.
*
XI Beynəlxalq Kitab Sərgisi bir daha göstərdi ki, bizdə mədəniyyətin forması var, mahiyyəti isə hələ də sistemləşməyib və ya konkretləşməyib. İrəliləyiş üçün ən vacib addım – tənqiddən qorxmamaq, dialoqa açıq olmaq, mədəniyyəti dövlətin əsas prioritetinə çevirməkdir. Yoxsa hər il eyni pafos, eyni musiqi, eyni çıxışlar təkrarlanacaq və biz illərlə yerimizdə sayan bir kitabsevərlik illüziyası içində qalacağıq.
*
BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİNİN GƏLƏCƏKDƏ BEYNƏLXALQ SƏVİYYƏYƏ ÇIXARTMAQDAN ÖTRÜ NƏLƏR ETMƏK LAZIMDIR?
- Konsept və strategiya yenilənməlidir
Sərgi yalnız “kitab satış yarmarkası” yox, fikirlərin, mədəniyyətlərin və ideyaların mübadiləsi platforması kimi düşünülməlidir.
Sərginin illik mövzusu və konseptual xətti müəyyən olunmalıdır. Məsələn: “Tərcümə ili”, “Uşaqlar üçün ədəbiyyat ili”, “Kitab və süni zəka” kimi başlıqlar olarsa tədbirə olan diqqət dərinləşər.
Mədəniyyət Nazirliyi yanında “Kitab Siyasəti Şurası” yaradılmalı və sərginin uzunmüddətli strategiyasını hazırlamalıdır.
- Beynəlxalq iştirakçı şəbəkəsi qurulmalıdır
Hal-hazırda sərgidə əsasən qonşu ölkələr iştirak edir. Gələcəkdə Avropa, Asiya, Latın Amerikası və Afrika ölkələrinin nəşriyyatlarını cəlb etmək üçün diplomatik və mədəniyyət kanalları aktivləşdirilməlidir.
Hər il bir ölkə “fokus ölkə” kimi seçilməlidir (məsələn, “İsveç ili”, “Yaponiya ili” və s.). Bu model Frankfurt, Paris və London sərgilərində uğurla tətbiq olunur.
Xarici ölkələrin mədəni institutları və səfirlikləri ilə sistemli əməkdaşlıq qurulmalıdır (Goethe-Institut, FILI, Institut Français, Pro Helvetia və s.).
- Tərcümə və müəlliflik proqramları gücləndirilməlidir
Sərgi təkcə kitabların satış məkanı yox, yeni tərcümə layihələrinin elan olunduğu bir platformaya çevrilməlidir.
“Bakı Translation Program” adlı yerli tərcümyə dəstək proqramı yaradılmalı, xarici nəşriyyatlar Azərbaycan ədəbiyyatına müraciət etməkdə maraqlı olmalıdır.
Hər il 3–5 yerli müəllif beynəlxalq qonaqlarla görüşə çıxarılmalı, onların əsərləri xarici dillərə təqdim edilməlidir.
- Peşəkar proqram və diskussiyalar
Beynəlxalq kitab sərgilərinin gücü satışdan çox panel və konfrans proqramlarında olur. Bakı sərgisində:
Tərcümə, nəşriyyat, rəqəmsal kitab bazarı, süni zəka və ədəbiyyat, uşaq kitabları, oxucu davranışları kimi mövzularda panel müzakirələri keçirilməlidir;
Xarici ekspertlər, redaktorlar, agentlər və nəşriyyatçılar dəvət olunmalıdır.
“Publisher’s Networking Lounge” kimi peşəkar əlaqə məkanı yaradılmalıdır ki, yerli və xarici nəşriyyatlar birbaşa təmas qursun.
- İnfrastruktur və logistika yenilənməlidir
Ziyarətçilər üçün nəqliyyat, bilet sistemi, istiqamət nişanları daha müasir və rahat olmalıdır.
Sərgi pavilyonlarının akustikası, işıqlandırması və iqlim tənzimləməsi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.
Yeyinti zonası və istirahət yerləri sosial balansı nəzərə almalıdır – sərgi yalnız “elit” üçün olmamalıdır.
- Təhsil və gənclərin inteqrasiyası
Məktəblər və universitetlərlə birgə proqramlar hazırlanmalıdır: “Bir sinif – bir müəllif”, “Tələbə kitab klubu” və s.
Gənc oxucular üçün ədəbi oyunlar, debatlar, müsabiqələr təşkil edilməlidir.
“Gənc Tərcüməçi Günü” və “Uşaq Ədəbiyyatı Forumu” kimi tematik günlər keçirilə bilər.
- Marketinq və kommunikasiya
Sərginin rəsmi brendi və sloqanı yaradılmalıdır (məsələn: “Baku Reads the World”).
Sosial mediada çoxdilli (azərbaycan, ingilis, rus, fransız, türk) kommunikasiya strategiyası qurulmalıdır.
Xarici media (ör. Publishing Perspectives, The Bookseller) ilə əməkdaşlıq edilərək sərgi beynəlxalq səviyyədə işıqlandırılmalıdır.
- Müstəqil nəşriyyatlara və yerli müəlliflərə dəstək verilməlidir.
Müstəqil nəşriyyatlar üçün xüsusi güzəştli stendlər ayrılmalıdır.
Gənc müəlliflərin yeni kitablarının təqdimatı üçün “Debüt Zalı” yaradıla bilər.
Hər il “Bakı Kitab Mükafatı” təsis edilərək, ən yaxşı nəşr, tərcümə, dizayn və redaktə kateqoriyalarında qaliblər elan oluna və pul mükafatları verilə bilər.
- Beynəlxalq assosiasiyalara inteqrasiya
Bakı Sərgisi International Publishers Association (IPA) və Frankfurt Book Fair Alliance kimi qurumlara rəsmi üzv olmalıdır.
Bu, həm təşkilati nüfuzu, həm də beynəlxalq qonaqların cəlbini asanlaşdıracaq.
- Mədəni ruhun qorunması
Texniki və təşkilati dəyişikliklər vacibdir, amma ən əsası — sərginin mənəvi enerjisi, intellektual ruhu gücləndirilməlidir. Bu, kütləvi təmtəraqdan çox, sakit, düşüncəli, ədəbiyyat mərkəzli atmosfer yaratmaqla mümkündür.
Məqsəd “şou” yox, “şüur” (şüuru oyatmaq) olmalıdır.
